AZ EN RU
AZ EN RU

Miopiya Nədir? Səbəbləri, Əlamətləri və Müalicəsi

Miopiya Nədir?

Yaxından görmə və ya tibbi dillə desək, miopiya xaricdən gələn işığın torlu qişada deyil, onun önündə fokuslanması nəticəsində yaranan refraktiv qüsurdur. Bu, buynuz qişanın normaldan uzun və lazım olduğundan daha əyri olması nəticəsində yaranan bir vəziyyətdir. Nəticədə, miyopiyalı şəxslər uzaq məsafəni aydın görə bilmir. 


Miopiyanın Yaranma Səbəbləri


Əksər insanda rast gəlinən uzağı görə bilməmə probleminin genetik (irsi) olaraq keçmə ehtimalı yüksəkdir. Miopiya sonradan da yarana bilir. Oxumaq, yazmaqla çox məşğul olan və kompüterlə işləyən insanlarda bu risk artır. Kiçik yaşlardan smartfon, planşet və oyun konsolları kimi rəqəmsal cihazlarla keçirilən müddətin uzunluğu da əsas səbəblər arasındadır. 


Miopiyanın Əlamətləri Hansılardır?


  • Uzaq obyektləri bulanıq görmək
  • Uzağa baxarkən gözlərin qıyılması
  • Baş və göz ağrısı (göz yorğunluğu səbəbindən)
  • Televiziyaya baxarkən yazıları seçə bilməmək
  • Maşın sürərkən çətinlik: nömrə nişanlarını və işarələri aydın oxuya bilməmək
  • Xüsusilə gecə saatlarında görmə çətinliyi


Uşaqlarda Miopiya Simptomları 


  • Gözlərdə simmetriyanın pozulması
  • Sinifdə yazı lövhəsini, evdə televizor və kompüter ekranlarını yaxından görməyə çalışmaq
  • Uzaq obyektləri qavramaq və ya görmə qabiliyyətinin olmaması
  • Gözlərin qıyılması
  • Gözləri tez-tez qırpmaq və ovuşdurmaq


Miopiya Diaqnozu Necə Qoyulur?


Gözün hərtərəfli müayinəsi zamanı lazımi prosedurlar və ölçmələr nəticəsində yaxındangörmə diaqnozu mütəxəssis həkim tərəfindən qoyulur. Birinci mərhələdə standart görmə testi aparılır. Sonra oftalmoloq ehtiyac duyduğu cihazlardan istifadə edir. Gözün qırılma qüsurunun miqdarını ölçmək üçün "foropter", refraktiv qüsuru təyin etmək üçün isə retinoskop adlanan cihazlardan istifadə edilir. Miopiyanın növünü təyin etdikdən sonra onun dərəcəsi müəyyən edilir. Sonra müvafiq müalicəyə başlanılır. 


Miopiyanın Hansı Dərəcələri Var?


  • 3 dərəcədən aşağı - yüngül
  • 3-6 dərəcə arası - orta
  • 6 dərəcədən yuxarı - yüksək 


Gözün Dərəcəsi Niyə Artır?


Gözün uzanması ilə əlaqədar olaraq böyümə dövründə zəiflik dərəcəsi ümumiyyətlə artır və 18-21 yaşda artım dayanır. Ancaq 21 yaşdan sonra, xüsusən də oxumaq, smartfon, planşet və ekran istifadəsi kimi yaxın iş fəaliyyəti ilə məşğul olan insanlarda yaxındangörmə inkişaf etməyə davam edə bilər və buna yetkin miopiya deyilir. Miopiyanın təbii gedişatında adətən kortəbii azalma olmur.


Hansı Uşaqlar Daha Çox Risk Altındadır?


10 yaşdan kiçik uşaqlar risk altındadır, buna görə də daimi müayinələr çox vacibdir. Valideynlərindən birində miopiya olan uşağın göz zəifliyi ehtimalı təxminən 3 dəfə, valideynlərinin hər ikisi miopiya olan uşaqda isə təxminən 6 dəfə çoxdur. Açıq havada gündə 2 saatdan az vaxt keçirən uşaqlar daha yüksək risk altındadır. Gündə 2 saatdan çox yaxın məsafədən baxan uşaqlar (xüsusilə bunu 30 sm-dən daha yaxın məsafədən və fasiləsiz dövrlər üçün edirlərsə) artan riskə malikdirlər. 


Miopiya Necə Müalicə Olunur?


Göz zəifliyinin müalicəsi onun şiddətindən, yaşından və digər amillərdən asılı olaraq dəyişə bilər. Müalicəsində eynək, kontakt linzalar, lazer əməliyatı, göz içi linza üsullarından istifadə edilir.

Ən çox istifadə edilən müalicə üsulu eynəkdir. Kontakt linzalar eynəkdən daha təbii görünüş təmin edir və idman və ya digər fəaliyyətlər zamanı daha rahat ola bilər. Eksimer lazer əməliyyatı birbaşa və birdəfəlik müalicə variantıdır. Göz içi linza müalicəsi isə bir digər üsuldur. Bu üsulda fakik linzalar (İCL) və ya ağıllı linzalar (Multifokal,Edof,Trifokal) ilə əməliyyat icra olunur.


Miopiyası Olan Şəxs Eynək Taxmazsa Nə Baş Verər?


Eynək taxmaq göz dərəcəsini azaltmır. Ancaq eynəkdən istifadə edilmədikdə, dərəcələr daha sürətli irəliləyir.


Miopiyanın Eksimer Lazer və Gözdaxili Linzalarla Müalicəsi 


Miopiyanın müalicəsində lazer və gözdaxili linza üsulları geniş yayılıb. Lazer əməliyyatı ən çox istifadə edilən üsullardan biridir. Bu üsulda lazer şüaları buynuz qişanın formasını dəyişdirərək gözün fokuslanma qabiliyyətini yaxşılaşdırır. Gözdaxili linza üsulunda isə gözə xüsusi linza qoyulur və gözün fokuslanma qabiliyyəti artır.

Paylaş

Bütün məqalələr